Skip to main content

Azərbaycan: Tənqidçilərə qarşı artan repressiya

Siyasi motivlərlə həbs olunmuş şəxslər dərhal azad olunmalı və ölkədə repressiyaya son qoyulmalıdır

(Berlin) – Human Rights Watch təşkilatının bu gün açıqladığı 2015 Dünya üzrə Hesabat-da bildirilir ki, Azərbaycan hökuməti 2014-cü ildə öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək, ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşdırmışdır. İl ərzində hökumət ölkənin əsas hüquq müdafiəçiləri və jurnalistləri də daxil olmaqla çoxlu sayda fəalı saxta ittihamlar əsasında həbs etmiş və ya azadlıqdan məhrum etmişdir. Hökumət müstəqil vətəndaş cəmiyyəti qruplarının və onların rəhbərlərinin bank hesablarını dondurmuş, xaricdən verilən qrantları qeydiyyata almaqdan imtina edərək onların işinə ciddi maneələr yaratmışdır. Qanunvericiliyə edilən dəyişiklər müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmışdır.

Ölkədə repressiya dalğası hətta Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə də davam etmişdir.  Azərbaycan hökuməti siyasi motivlərlə həbs olunan bütün fəalları həbsdən azad etməli və ölkədə repressiyaya son qoymalıdır.

Ötən il, Azərbaycan hökuməti hüquq müdafiəçilərinə və digər tənqidçilərə qarşı repressiyanı daha da artırmışdır. Davam edən repressiya fonunda Azərbaycanın Avropa Şurasındakı rolu acı gülüş doğururdu. Buna son qoyulmalıdır,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.

656 səhifəlik bu hesabatında Human Rights Watch dünyanın 90-dan çox ölkəsində insan hüquqlarının vəziyyətini təhlil edir. Bu il 25-ci il buraxılışı nəşr olunan hesabatda təşkilatın İcraçı Direktoru  Kenneth Roth yazdığı giriş məqaləsində hökumətlərə səslənərək qeyd edir ki, ən təlatümlü dövrlərdə insan hüquqlarına hörmət olunması effektiv bir mənəvi rəhbər kimi qəbul edilməlidir. Roth həmçinin bildirir ki, insan hüquqlarının pozulması nəticəsində ciddi təhlükəsizlik problemlərinin ortaya çıxa biləcəyini və vəziyyətin daha da ağırlaşacağını hökumətlər anlamalıdırlar. Qısa müddətli maraqları təmin etmək üçün azadlıqların və qeyri-ayrı-seçkiliyin əsas dəyərlərini qurban vermək uzun müddətli maraqlar üçün uğurlu hesab oluna bilməz.     

Avropa Şurasında sədrlik postundan yararlanaraq Azərbaycanda uzun zamandan bəri mövcud olan ciddi insan haqları problemlərini həll etmək əvəzinə hökumət onu tənqid edənlərə qarşı saxta ittihamlar irəli sürərək həbsə atmışdır. 2014-cü il ərzində, hökumətini tənqid edən ən azı 34 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı narkotik və silah saxlama, xuliqanlıq, dini-siyasi-irqi ayriseçkilik salma və hətta vətənə xəyanət kimi müxtəlif saxta ittihamlarda günahlandırılaraq həbs edilmişdir. Bu durumda, digər fəallar ölkəni tərk etməyə və ya gizlənməyə məcbur olmuşdur. 29 dekabr tarixində Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə az sayda siyasi məhbus azad edilsə də, siyasi motivlərlə həbsdə olan çoxlu sayda adam isə dəmir barmaqliqlar arxasinda həbsxanalarda qaldı.

Həbs olunanların sırasına ölkənin tanınmış hüquq müdafiəçiləri, o cümlədən iyul ayında həbs olunan Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı avqust ayında həbs olunan Arif Yunus da daxildir. Onlara qarşı vətənə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Vətəndaş cəmiyyətinin həbs olunan digər tanınmış nümayəndələri İnsan Hüquqları Klubunun direktoru Rəsul Cəfərov və Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevdir. Onların hər ikisi vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə etmək maddələri üzrə günahlandırılır. Dekabr ayında məşhur tədqiqatçı jurnalist və hökumətin qatı tənqidçisi olan Xədicə İsmayılova guya bir şəxsi intihara sövq etməsi ittihamıyla günahlandırılaraq həbs edilmisdir. Adıçəkilən bu fəalların hamısı hazırda istintaq təcridxanasında saxlanılır. Dekabr ayında polis və prokuroluq orqanları əməkdaşları həm də Azadlıq Radiosunun Bakı ofisində reyd keçirərmiş, radionun işçilərini sorğu sual etmiş, avadanlıq və sənədləri müsadirə edərək ofisin qapısını möhürləmişdir.

Bütün bunlarla yanaşı, həmçinin qanunvericiliyə edilən dəyişikliklər nəticəsində müstəqil qeyri-hokumət təşkilatlarının fəaliyyəti daha da məhdudlaşmışdır. Noyabr ayında Prezident Əliyevin imzaladığı bir sıra əlavə məhdudlaşdırıcı dəyışikliklər bütün xarici donorların hökumətlə sazış imzalamasını və hər bir qrant layihəsinin müvafiq hakimiyyət orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur. Bu, praktiki olaraq hökuməti tənqid edən bütün qrupların maliyyə almaq imkanlarını tamamilə mümkünsüz edir.    

Azərbaycanın beynəlxalq tərəfdaşları ölkədə artan repressiyaya görə hökuməti tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı kəskinləşən vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətə təzyiq tətbiq etmədilər.

“Öz tənqidçilərini qəddarcasına susdurması ilə Azərbaycan hökuməti Avropa Şurasına və bu qurumun daşıdığı bütün dəyərlərə ziddiyyət təşkil etdiyini göstərdi. Avropa Şurası və Azərbaycanın digər beynəlxalq tərəfdaşları belə bir davranışın yolverilməz olduğunu hökumətin diqqətinə açıq çəkildə çatdırmalı və siyasi motivlərlə əbs olunmuş şəxslərin dərhal azad olunmasını hökumətdən tələb etməlidir,” deyə Gogia bildirib.   

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country