Skip to main content

Azərbaycan: Misli görünməmiş repressiya

Hüquq müdafiəçilərinin azad edilməsi üçün beynəlxalq təzyiq labüddür

(Berlin) – Human Rights Watch təşkilatının bu gün açıqladığı 2016 Dünya üzrə Hesabat-da bildirilir ki, Azərbaycan hökumətinin amansızca apardığı repressiya ölkənin bir zamanlar müstəqil fəal icması olan QHT və medianı sıradan çıxardır. 

İl ərzində aparılan ədalətsiz məhkəmə prosesləri ölkənin aparıcı hüquq müdafiəçilərini və digər tənqidçilərini siyasi motivli ittihamlar əsasında uzun müddətə azadlıqdan məhrum etmişdir. Çoxlu sayda vətəndaş cəmiyyəti fəalı təqib və təzyiqə məruz qalmışdır. Hökumət beynəlxalq insan hüquqları müşahidəçilərinin və beynəlxalq jurnalistlərin ölkəyə girməsinə icazə verməmişdir. Baş verən bu repressiya dalğası 2015-ci il boyunca daha da artaraq Bakının iyun ayında ev sahibliyi etdiyi birinci Avropa Oyunları zamanı da davam etmişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları bu repressiyalara qarşı birlikdə sərt reaksiya verməyə nail olmamışdır.

“Davam edən bu repressiya ölkənin post-Sovet tarixində misli görünməmiş səviyyədədir. Azərbaycan hökuməti ölkənin qapsını bir çox beynəlxalq idman oyunları və digər belə tədbirlər üçün açıq qoysa da, insan hüquqları nəzarətçiləri üçün bu qapını bağlayır,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.

659 səhifəlik bu hesabatında Human Rights Watch dünyanın 90-dan çox ölkəsində insan hüquqlarının vəziyyətini təhlil edir. Bu il 26-ci buraxılışı nəşr olunan hesabatın giriş hissəsini təşkilatın İcraçı Direktoru Kenneth Roth  yazmışdır.  Burada o, bildirib ki, Yaxın Şərqdən kənarda da terror aktlarının, repressiya və münaqişələrin artması nəticəsində digər regionlardan da çoxlu sayda qaçqın axını meydana gəlmişdir. Bu, bəzi ölkələri öz təhlükəsizliklərini qorumaq üçün insan hüquqlarını məhdudlaşdırmaq istiqamətində yanlış cəhdlər göstərməyə sövq etmişdir.

Eyni zamanda, dinc müxaliflərdən çəkinən bir sıra avtoritar rejimlər son dövrlərdə ölkələrindəki müstəqil qruplara qarşı geniş repressiyalara əl atmışlar.

6 ildən 8 il yarım müddətə azadlıqdan məhrum olunanların sırasına insan hüquqları vəkili İntiqam Əliyev, hüquq müdafiəçiləri Leyla və Arif Yunus, Rəsul Cəfərov və tanınmış tədqiqatçı jurnalist Xədicə İsmayılova daxildir. Siyasi motivlə digər həbs edilənlər Azadlıq qəzetinin köşə yazarı Seymur Həziyev, və müxalif partiya fəalları Sirac və Fərəc Kərimli qardaşları və Murad Adilovdur. Hüquq müdafiəçisi Taleh Xasməmmədov 3 il azadlıqdan məhrum edilmişdir.     

Dekabr ayında Apellyasiya məhkəməsinin qərarı ilə Leyla və onun həyat yoldaşı Arif Yunusun ciddi xəstəliklərindən dolayı 5 il şərti cəza olaraq məhkəmə zalından azadlığa buraxılmışdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin politoloq İlqar Məmmədov və jurnalist Tofiq Yaqublunun qanunsuz həbs olunmaları ilə bağlı qərarına baxmayaraq, onların hər ikisi 2015-ci ildə azadlığa buraxılmamışdır. Azərbaycanda keçirilən seçkilərin müstəqil monitorinqini həyata keçirən quruma rəhbərlik edən və beş il yarım azadlıqdan məhrum olunmuş hüquq müdafiəçisi Anar Məmmədli hələ də dəmir barmaqlıqlar arxasındadır.  

2015-ci ildə bir neçə beynəlxalq insan hüquqları müşahidəçilərinin və jurnalistlərin ölkəyə girməsinə icazə verməməklə yanaşı, hökumət həm də Avropa Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın (ATƏT) Bakı ofisinin fəaliyyətini zorla dayandırmışdır. İlk dəfə olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkiləri üçün müşahidəçi göndərməkdən imtina etmişdir. Buna səbəb Azərbaycan hökumətinin bu missiyayla bağlı məhdudlaşdırmaya cəhd etməsi olub.

Avropa İttifaqı (Aİ) Azərbaycanda insan hüquqlarının yaxşılaşdırılması və ya həbsdə olan hüquq müdafiəçiləri və jurnalistlərin azad edilməsini ilkin şərt kimi irəli sürmədən hökumətlə strateji əməkdaşlıq sazişi üzrə danışıqları davam etdirmişdir.

Avropa Şurasının bir neçə qurumu Azərbaycan hökumətini ciddi tənqid etsələr də, hüquq pozuntuları ilə hökumətə təzyiq tətbiq etmədilər. Nəhayət dekabr ayının sonunda Avropa Şurasının Baş katibi Thorbjorn Yagland elan etdi ki, Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya  başlayır. Səbəb olaraq, Yagland bildirmişdir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarları “Azərbaycanda tənqidi səslərin susdurulması və söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına  və əsassız tətbiqini üzə çıxarıb.”

“Azərbaycanda davam edən sərt repressiyanın durdurulmasına qarşı ciddi beynəlxalq reaksiyanın olmaması Avropa insan hüquqları standartlarına böyük xələl gətirir. Beynəlxalq qurumlar, xüsusilə Avropa İttifaqı və onun üzvləri Azərbaycan hökumətinə insan hüquqları üzrə götürdüyü öhdəlikləri həyata keçirməsi üçün tutarlı bir strategiya hazırlamalıdır," deyə Gogia bildirib.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country